Hirsutizm (qadınlarda tüklənmə) – səbəbləri və hormonal əsasları
Hirsutizm qadınlarda üz, çənə, boyun, sinə, qarın və kürək kimi androgen həssas nahiyələrdə həddən artıq tüklənmə ilə xarakterizə olunan klinik vəziyyətdir. Bu vəziyyət, əsasən, androgen hormonlarının artması və ya tük follikullarının bu hormonlara qarşı həssaslığının yüksəlməsi nəticəsində meydana gəlir.
Hirsutizmin əsas səbəbləri
Polikistik yumurtalıq sindromu (PCOS) – Qadınlarda hirsutizmin ən geniş yayılmış səbəbi olub hormonal tarazlığın pozulması və yumurtalıqlarda androgen istehsalının artması ilə əlaqələndirilir. PCOS zamanı menstrual pozuntular, akne və saç tökülməsi kimi digər simptomlar da müşahidə edilə bilər.
Adrenal hiperplaziya – Böyrəküstü vəzilərdə kortizol və androgen istehsalının pozulmasına səbəb olan irsi xəstəlikdir. Bu sindrom zamanı qadınlarda testosteron səviyyəsi yüksələ və nəticədə tüklənmə arta bilər.
Kuşinq sindromu – Kortizol hormonu səviyyəsinin yüksəlməsi nəticəsində androgen istehsalının da artması səbəbilə yaranan endokrin pozuntudur. Bu zaman həmçinin piylənmə, hipertoniya və dəri dəyişiklikləri də müşahidə edilə bilər.
Androgen istehsal edən şişlər – Yumurtalıqlarda və ya böyrəküstü vəzlərdə yerləşən şişlər androgen hormonlarının həddən artıq ifrazına səbəb olaraq kəskin hirsutizm yarada bilər.
İnsulin müqaviməti və metabolik sindrom – İnsulin səviyyəsinin artması androgen istehsalını stimullaşdıra bilər. Xüsusilə PCOS-dan əziyyət çəkən qadınlarda insulin səviyyəsinin yüksək olması tüklənmənin artmasına səbəb ola bilər.
İdiopatik və genetik hirsutizm – Ailəsində hirsutizm tarixçəsi olan qadınlarda xəstəliyin əsas səbəbkarı irsi faktorlardır. Bu halda menstrual dövr normal olsa da, tüklənmə müşahidə edilə bilər.
Hirsutizm qadın sağlamlığının hormonal vəziyyətini əks etdirən əhəmiyyətli göstəricidir. Bu səbəbdən xəstəliyin əsas səbəbin müəyyən edilməsi üçün tibbi müayinə çox vacibdir.