Andropauza, kişilərdə yaşa əlaqədar olaraq testosteron hormonunun tədricən azalması ilə xarakterizə olunan fizioloji vəziyyətdir. Bu proses qadınlarda menopauza kimi kəskin baş vermir. Əksinə illər ərzində yavaş-yavaş inkişaf edir və adətən 40–50 yaşdan sonra özünü göstərir. Testosteron kişilərdə cinsi fəaliyyətin tənzimlənməsi, əzələ kütləsi və sümük sıxlığının qorunması, həmçinin enerji səviyyəsi və ümumi əhval-ruhiyyənin yüksək saxlanması üçün son dərəcə vacib hormondur. Andropauza zamanı bu hormonun səviyyəsinin azalması müxtəlif klinik əlamətlərə səbəb ola bilər.
Andropauza nədən yaranır?
Andropauza birbaşa yaşla əlaqədardır, lakin əmələ gəlməsində digər amillər də mühüm rol oynayır. Xroniki xəstəliklər, xüsusilə ürək-damar xəstəlikləri, diabet, piylənmə və yüksək qan təzyiqi testosteron istehsalını azalda bilər. Həmçinin, stres, yuxu pozuntuları, siqaret çəkmək və alkoqollu içki qəbul etmək, bəzi dərman preparatları (məsələn, androgen blokerləri və uzunmüddətli kortikosteroidlər) bu prosesi sürətləndirə bilər. Kişilərdə andropauzanın yaranmasının əsas səbəbləri hipotalamus-hipofiz-qonod (xayalar) oxunun fəaliyyətində dəyişikliklər və Leydiq hüceyrələrində testosteron istehsalının azalmasıdır.
Klinik əlamətlərinə libido və seksual aktivliyin zəifləməsi, erektil disfunksiya, yorğunluq, əzələ kütləsinin azalması, bədən yağının artması, sümük sıxlığında zəifləmə və bəzi hallarda depressiya daxildir. Bu əlamətlər həyat keyfiyyətinə ciddi təsir göstərə bilər və psixoloji narahatlıqlara səbəb ola bilər.
Xəstəliyin diaqnostikası qan analizi vasitəsilə testosteron səviyyəsinin ölçülməsi yolu ilə aparılır. Laboratoriyada səhər saatlarında götürülən nümunələr daha dəqiq nəticə verir. Çünki testosteron səviyyəsi gün ərzində təbii olaraq dəyişir. Testosteron səviyyəsinin ölçülməsi ilə birlikdə LH, FSH və SHBG (cinsi hormonları birləşdirən qlobulin) testləri də hormon balansını qiymətləndirmək üçün istifadə olunan diaqnostika üsullarındandır.
Müalicə və dəstək tədbirləri həyat tərzi dəyişikliyi, balanslı qidalanma, fiziki aktivlik və lazım gəldikdə testosteron əvəzedici terapiya şəklində həyata keçirilir. Andropauzanın təsirlərini minimuma endirmək və həyat keyfiyyətini qorumaq üçün yaşlı kişilər müntəzəm tibbi müayinələrdən keçməli, hormonal səviyyələrini izləməli və sağlam həyat tərzinə diqqət yetirməlidirlər.